Aprel ayının 19-u və 20-si "ADR-90" Futzal Turnirinin qrup mərhələsinin son oyunları keçirildi. "B" qrupunda yarımfinalçılar bir həftə öncədən müəyyən olunduğundan bütün diqqət "A" qrupuna yönəlmişdi. Bu qrupda hər şey məhz bu tur aydın olacaqdı.
Turun mərkəzi oyunu aprel ayının 19-u saat 12:00-da keçirilən Dalğa - İrəli matçı idi. Xatırladaq ki, növbəti mərhələyə çıxmaq üçün dalğaçılara yalnız qələbə lazım idi. İrəliçilər isə öz növbəsində heç-heçə də kifayətlənə bilərdilər. Matç çox sürətli başladı. Hər iki komanda ilk dəqiqələrdən oyuna nəzarəti almağa can atırdılar. Lakin qol vurmaq istəyi komandaların müdafiəsində müəyyən boşluqlar yaratdı ki, bu da ilk qolda özünü büruzə verdi. Bütün komanda ilə hücuma atılan dalğaçılar orta xətdə topu itirdikdən sonra İrəlinin 3 oyunçusu qapıçı ilə təkbətək qaldılar. Bu imkandan İrəlinin turnirdə ən sərrast oyunçusu Xəyal Niftəliyev məharətlə istifadə etdi. Lakin Dalğa belə asanlıqla məğlub olmaq istəmədiyini sübut etdi. Növbəti hücumlarında dalğaçıların qapı ağzından vurduqları zərbə rəqib komandanın müdafiəçisinin ayağından qapı xəttindən keçdi. Birinci hissə 1:1 hesabı ilə bitdi. İkinci hissə başlayan kimi oyun dalğaçılar yenidən hücuma atıldılar və hücumların birində dalğaçılar matçda ilk dəfə olaraq hesabda önə çıxdı. Bu dəfə isə növbə Dalğanın ən sərrast oyunçusu Rövşən İsmayılovun idi. O, komandanın əzmkarlı hücumunu qol ilə tamamlaya bildi. Hesabda önə çıxdıqdan sonra dalğaçılar oyunda əmin oynamağa başladılar. Lakin hətta belə vəziyyətdə İrəli hücumçuları həvəsdən düşmədilər və sonadək mübarizəyə davam edəcəklərini nümayiş etdirdilər. İrəliçilərin hücumu nəticəsində Dalğanın qapısı önündə təyin olunan cərimə zərbəsini Firdovsi Tahirov ustalıqla istifadə etdi. Hesab bərabərləşəndən sonra oyunda gərginlik hiss olunmağa başladı. Hətta hər komanda sarı vərəqə ilə cəzalandırıldı. Dalğanın kapitanı Ceyhun İsayev isə öz növbəsində rəqib komandanın hücumu zamanı topu əl ilə saxladığına görə qırmızı vərəqə aldı. Oyun son dəqiqələrə qədər heç-heçə davam edirdi. Lakin son dəqiqələr irəli qapısı önündə təyin olunmuş 10 metrlik zərbə oyunun nəticəsini bəlli etdi. Topa yaxınlaşan Rövşən İsmayılov qapıçıya heç bir şans qoymadı. 3:2 və Dalğa yarımfinaldadır!
Günün ikinci oyunu ALGA - Rotarakt oldu. Bu oyun Rotarakt üçün qalib gəlmək üçün turnirdə son imkan idi. Lakin ilk dəqiqələrdən ALGA oyunda sensasiya yol verməyəcəklərini göstərdilər. Birinci hissə 4:0 hesabı ilə başa çatdı. İkinci hissədə isə müqavimət göstərməyən Rotarakt ilk 2 turda etdiyi səhvləri təkrarladı. Oyunun 14:1 hesabı ilə bitdi.
Beləliklə "A" qrupunda birinci yerə 7 xalla ALGA komandası çıxdı. İkinci yerdə isə 6 xalla Dalğa qərarlaşdı.
Növbəti gün isə "B" qrupunun oyunları keçirildi. İlk olaraq meydançaya OL və AAA komandaları çıxdılar. Bu komandaların oyunun nəticəsi yarımfinal cütlüklərini müəyyən edəcəkdi. Hər iki komanda yarımfinala çıxışını öncədən təmin etdiyi üçün oyunun sönük keçəcəyi proqnozları özünü doğrultmadı. Oyunun ilk dəqiqələrindən komandalar qələbə niyyətlərini ortaya qoydular. Matçın ilk dəqiqələrində hücumlarını dəqiq nəticələndirə bilməyən OL-çular birinci hissənin son hissələrində 0:1 hesabı ilə məğlub duruma düşdülər. Birinci hissə bu hesabla da bitdi. İkinci hissə başlayan kimi OL-çular hücuma atıldılar və hücumların birində hesabı bərabərləşdirməyə nail oldular. İkinci hissənin son dəqiqələrində isə daha dəqiq və səhvsiz oynayan Amerika məzunları hesabda önə çıxdılar və oyunda üstünlüyü əldən vermədilər. Matçın son dəqiqələrində isə OL-çuların müdafiədə diqqətsiz oyunundan istifadə edərək, AAA oyunçuları daha 2 qol vurmaqla matçı 1:4 hesablı qələbə ilə bitirdilər.
Turun son matçı AN və Stimul arasında keçirildi. Bu matçda komandalar açıq futbol sərgilədilər və turnirin ən produktiv oyununa imza atdılar. Hesab 18:9 AN komandasının qələbəsi ilə bitdi.
"B" qrupunda 9 xalla "AAA" birinci yerdə və 6 xalla "OL!" ikinci yerdə qərarlaşdı.
Bununla da yarımfinal cütlükləri müəyyən olundu. 27 aprel tarixində keçiriləcək matçların qrafiki aşağıdakı kimidir.
27 aprel 13:00 ALGA - OL
27 aprel 14:00 AAA - Dalğa
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment