Wednesday, April 30, 2008

ALGA və AAA finalda!

27 aprel 2008-ci il tarixində “ADR-90” turnirinin yarımfinal oyunları keçirilmişdir. İlk matçda ALGA ilə OL!, ikinci matçda isə AAA ilə Dalga komandaları üz üzə gəldilər.

İlk oyun proqnozlaşdırıldığı kimi çox gərgin keçdi. Hər iki komandanın oyuna ehtiyatlı başlayacağı gözlənilsə də, OL! ilk dəqiqələrdə bir neçə yadda qalan hücum təşkil etdi və hesabı açmağa müvəffəq oldu. OL-dan Vüsal Əliyev fərqləndi. Hesabda önə keçən OL-çular risk etməmək qərarına gəldilər və müdafiəyə diqqəti artırdılar. Bu səbəbdən ALGA hücumçularının hesabı bərabərləşdirmək cəhdləri bir nəticə vermirdi. Lakin birinci hissənin sonunda meydanın mərkəz hissəsindən sürətli hücum təşkil edən ALGAçılar hesabı bərabərləşdirdilər. Bu dəfə turnirdə ALGA-nın ən məhsuldar oyunçusu Cavid Abdullayev fərqləndi. Birinci hissə 1:1 hesabı ilə bitdi. İkinci hissə ilk hissəyə nisbətən daha da sürətli başladı. OL komandasının zəif nöqtəsini tapan rəqiblər Orxan Mehdiyevin qolu sayəsində hesabda irəli çıxdılar. Lakin bu OL-çuları ruhdan salmadı və onlar qısa vaxt ərzində hesabı bərabərləşdirdilər. İki müdafiəçini sürət hesabına keçən Urfan Əsədov daha əlverişli vəziyyətdə olan Vüsal Əliyevə dəqiq pas ötürdü, o isə öz növbəsində bu imkandan səmərəli istifadə etdi. Hesab bərabərləşəndən sonra bir müddət oyunda gərginlik hiss olundu. Hər iki komanda həm müdafiədə, həm də hücumda əla oyun nümayiş etdirdilər. Hücumların birində ALGA-çılar OL-un müdafiəsini azlıqda yaxalaya bildilər və Ruslan Əmirov ALGAnı hesabda yenidən irəli çıxardı. Bu qoldan sonra OL hesabı bərabərləşdirmək üçün oyuna 3 hücumçu ilə davam etməli oldu. Lakin rəqib komandanın müdafiədə dəqiq oyunu onların imkanlarını heçə endirdi. Əvəzində isə OL-çuları əks-hücumda yaxalayan liberallar iki dəfə fərqləndilər. ALGAdan Orxan Mehdiyev və Ruslan Əmirov hərəyə bir qol vurdular. OL isə yalnız bir qolun əvəzini çıxa bildi. Oyunda son nöqtəni OL komandasının ən məhsuldar oyunçusu Urfan Əsədov qoydu. 5:3





Final oyununda ALGA ilə qarşılaşacaq növbəti komanda AAA ilə Dalğa-nın oyunundan sonra həll olunmalı idi. Hər iki komanda çempionat ərzində tərifəlayiq əzmkarlıq, son dəqiqəyədək döyüşmək qabiliyyəti və komanda oyunu nümayiş etdirmişlər. Komandaların qrup mərhələsində oyunlarının statistikası azca olaraq AAA-yin xeyrinə olsa da belə yarımfinal mərhələsində bu heç bir əhəmiyyət kəsb etmirdi. Yarımfinal oyununda Dalğanın iki aparıcı oyunçusunun meydançaya çıxmamağı məzunlara əlavə üstünlük verəcəkdi. Lakin buna baxmayaraq ilk dəqiqələrdən bəlli oldu ki matç çox sürətli və gərgin olacaqdır. Birinci hissənin ilk 15 dəqiqəsində AAA komandası topa daha çox nəzarət etsə də, dalğaçıların kəskin hücumları və sürətli keçidləri üstünlüyün hansı komandada olmasına qərar verməyə imkan vermirdi. Hər iki komandanın oyunçuları müdafiədə diqqətli oynadıqlarından hesabı açmaq mümkün olmamışdır. Yalnız ilk taymın ortalarında Dalğa-çıların hücumunun nəticəsində sürətli əks-hücum qurmuş AAA komandası hesabı Tağı Tağızadənin vasitəsilə aça bildi. AAA-in növbəti qolunu Azər Məmmədov standart vəziyyətindən cərimə zərbəsilə birinci taymın sonunda vurdu. Komandalar 2:0 hesabı ilə fasiləyə getdilər.

İkinci taymda hesabı bərabərləşdirməyə atılmış dalğaçılar ardıcıl olaraq kəskin hücumlar həyata keçirtdilər. Dalğanın hücumçuları həm yaxın həm də orta və uzaq məsafələrdən zərbələr yetirmiş və yalnız AAA-in qapıçısı Nurin Həsənovun gözəl oyunu sayəsində hesab dəyişməmişdir. İkinci taymın ilk 5 dəqiqəsində dalğaçıların aramsız hücumları nəticəsində büdrəməmiş AAA komandası Tural Yusifov, Cavid Aslanov və Azər Məmmədovla ardıcıl olaraq daha 3 qol vurmuş və hesabı 5:0 çatdırmışlar. Hesabda geridə qaldıqlarına baxmayaraq Dalğa daim döyüşkən və əzmkar olduqlarını nümayiş etdirmiş və bunun nəticəsində Elşən Poladlının oyundan və Araz Qasımovun cərimə zərbəsindən vurduqları iki qolla hesabı 5:2 etmişlər. İki qol buraxmış AAA komandası həmin günü qələbəni əldən vermək niyyətində olmadığını Dmitriy Kirilovun cərimə nöqtəsindən edilmiş ötürməni vurduğu gözəl qol ilə aydın etdi. Oyunun yekun hesabi 6:2 AAA komandasının xeyrinə oldu.




Yarımfinal oyunlarının nəticəsində finala qrup mərhələsində hərəsi öz qrupunda birinci yer tutmuş ALGA AAA komandaları çıxdılar. 3-cü yer uğründa oyun isə OL! Dalğa komandaları arasında keçiriləcəkdir. Oyunlar may ayının 3-ü saat 12:00 və 13:00-da keçiriləcəkdir.

No comments: