Bu həftə sonu “ADR - 90” Futzal Turnirinin qrup mərhələsinin ikinci tur matçları keçirildi. Aprel ayının 12-si “B” qrupu komandaları öz qüvvələrini sınadılar. İlk olaraq meydançaya OL və AN komandaları çıxdılar. OL-çular matçın birinci hissəsində 4 top fərqlə irəli çıxmalarına baxmayaraq AN fasilədən sonra dalbadal keçirdiyi sürətli hücumlar sayəsində hesabı 4:2 etdi. Bundan sonra bir neçə səmərəli əvəzetmələr həyata keçirən OL komandası qələbəni əldən vermədi. Matç 10:3 hesabı ilə başa çatdı. OL-un hücumçuları Urfan Əsədov və Sənan Mirzəyev birlikdə 8 qol vurmaqla turnirin bombardirləri siyahısında ilk 2 yerdə mövqelərini möhkəmlətdilər. Hal hazırda onlar müvafiq olaraq 8 və 7 qol vurublar.
Günün ikinci matçı AAA və Stimul komandaları arasında keçdi. Stimul komandası ilk dəqiqələrdən birinci turdakı böyük hesablı məğlubiyyətin təsadüf olduğunu sübut etdi. Müdafiədə ayıq oyun nümayiş edən stimulçular birinci hissənin ortalarında hesabı açdılar. İlk hissə bu hesabla da nəticələndi. Bu matçda məğlubiyyət AAA komandasının planlarına daxil deyildi. Bu səbəbdən ikinci hissə başlayan kimi, Amerika məzunları aramsız hücumlar təşkil etməyə başladılar. Ardı kəsilməyən hücumlar öz nəticəsini verdi. İlk olaraq, AAA ikinci hissəsinin ortalarında hesabı bərabərləşdirdi, matçın son dəqiqəsində isə qələbə qolunu vurmağa müvəffəq oldular. Çox gərgin keçən matç 2:1 hesabı ilə başa çatdı.
“B” qrupunda ikinci turun oyunları nəticəsində OL və AAA 6 xal toplamaqla yarımfinala çıxışlarını rəsmiləşdirdilər. Üçüncü turda bu komandalar arasında keçiriləcək matç isə qrupda birinci və ikinci yerləri müəyyən edəcək. Qeyd edək ki, bu qrupun qalibi A qrupunun ikincisi ilə qarşılaşacaq.
Aprel ayının 13-ü isə “A” qrupunun matçları keçirildi. İlk olaraq ikinci turun mərkəzi oyunu olan Dalğa - ALGA matçı keçirildi. Bu cütlükdə qələbəni Dalğa qazanacağı halda yarımfinala çıxışı təmin edəcəkdi, ALGA-nın qələbəsi isə bu komandanın yarımfinala yolunu xeyli asanlaşdıracaqdı. Gərgin keçən matçda hesabı dalğaçıların hücumçusu, turnirin bombardirləri sırasında olan Rövşən İsmayılov açdı. Bununla da o, vurduğu qolların ümumi sayını altıya çatdırdı. Birinci hissənin qalan vaxtında ALGA 2 qol vurmaqla hesabda önə çıxdı. İkinci hissənin əvvəlində liberalların üçüncü qolu vurmağa nail olması, dalğaçıların bundan sonra hücuma böyük qüvvə ilə atılmasına səbəb oldu. Ardı kəsilməyən hücumlar nəticəsində Dalğa hesab arasındakı fərqi minimuma endirdi. Hesabı bərabərləşdirmək istəyi dalğaçıların müdafiəyə diqqətini azaltdı. Bu isə liberallara oyunda son nöqtəni qoymağa imkan yaratdı. Müdafiədəki boşluqlardan istifadə edən ALGA hesabı bir daha artıra bildi. Beləliklə matç 2:4 ALGA komandasının xeyrinə başa çatdı.
İkinci turun son oyunu İrəli və Rotarakt komandaları arasında keçirildi. Bu matçın ilk 5 dəqiqəsində ardıcıl dəqiq hücumlar keçirən irəliçilər 4 qol vurmaqla, matç haqqında yarana biləcək bütün suallara aydınlıq gətirdilər. İlk hissə 8:0 hesabı ilə nəticələndi. İkinci hissədə isə tempi saxlayan İrəli komandası matçı 14:0 hesabı yekunlaşdırdı. Qeyd etmək lazımdır ki, bu matçda hakim əlini 4 dəfə sarı vərəqəyə atmalı oldu. O, bir dəfə sarı vərəqə ilə irəliçiləri, üç dəfə isə Rotarakt oyunçularını "mükafatlandırdı". Qalib komandanın hücumçusu Xəyal Niftəliyev Rotarakta vurduğu 4 qoldan sonra, bombardirlər siyahısında dalğaçı Rövşən İsmayılovla üçüncü yeri bölüşdürürlər
“B” qrupundan fərqli olaraq “A” qrupunda vəziyyət mürəkkəbliyini saxlayıb. Yarımfinala çıxmaq üçün dalğaçılara İrəli ilə matçda yalnız qələbə lazımdır. İrəliçiləri isə heç-heçə də qane edir. ALGA-ya Rotarakt ilə matçda məğlub olmamaq kifayətdir ki, növbəti mərhələyə çıxışını təmin etsin.
Beləliklə növbəti həftə sonu keçiriləcək matçların qrafiki:
19 aprel 12:00 Dalğa – İrəli
19 aprel 13:00 ALGA - Rotarakt
20 aprel 14:00 OL - AAA
20 aprel 15:00 AN - Stimul
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment